What is a mortgage?

content-img
Publication date: 2021-10-08

Kirayə mənzillərdə yaşayan bir çox insanın arzusu öz evinə sahib olmaqdır. Ancaq yetərli büdcəyə sahib olmamaq nağd şəkildə mənzil almaq imkanını daha da çətinləşdirir. Belə halda kirayə mənzildə yaşamaq qaçılmaz hal alır.

 

Son zamanlar ölkəmizdə tikinti sahəsinin sürətlə inkişafını nəzərə alsaq, bu inkişafın müasir binalar, yeni həyat tərzi ilə yanaşı, həmçinin, uyğun kredit təklifləri gətirdiyini də görərik.

 

Bu söz bizə təbii ki, yad deyil. Daxili və ya ipoteka krediti şərtləri kimi qısa və uzunmüddətli şərtlər insanlara mənzil sahibi olmaq imkanı yaradır.

 

İpoteka istər təklif etdiyi şərtlər, istərsə də müddətinə görə daha əlverişli kredit üsuludur. Hər ay kirayə haqqı ödəyərək mənzil üzərində mülkiyyət hüququ əldə etmirsiniz. Lakin ipoteka ilə təxminən eyni məbləği ödəyərək siz bir neçə il sonra artıq "bu mənzil mənimdir" ifadəsini rahatlıqla işlədə bilərsiniz. Bundan əla nə ola bilər?!

 

İpoteka nədir?

İpoteka – əmlak girovudur. Yəni, ipoteka krediti, bankdan faizlə (kredit) götürdüyünüz puldur. Pulu qaytaracağınıza zəmanət olaraq isə daşınmaz əmlakınız: ev, mənzil və ya torpaq çıxış edir.

İpoteka, adətən ev almaq üçün kredit kimi qəbul edilir. İpoteka üçün adətən onillər ərzində ödəniləcək miqdarda məbləğ götürülür. İpoteka götürərkən bir qayda olaraq, mənzilin dəyərinin təqribi 30%-ni ilkin ödəniş olaraq ödəyirsiniz. Qalan 70% məbləğ isə bank tərəfindən ödənilir. Bundan sonra isə siz bankın sizə təqdim etdiyi ödəniş cədvəlinə əsasən aylıq ödənişlərinizi edirsiniz.

 

İpoteka krediti necə ödənilir?

Bankların təqdim etdiyi ipoteka müqavilələrində hər bir müştəri üçün individual kredit şərtlərini - xüsusən məbləği, valyutanı, kredit müddətini, faiz dərəcəsini, cərimələrin miqdarını və digər parametrləri göstərən qrafik olmalıdır.

İpoteka krediti ödənişi iki hissədən ibarətdir: əsas kredit məbləği və kredit üzrə faizlər.

İpoteka ya diferensial, ya da annuitet ödənişlər ilə qaytarılır. Aşağıda bu terminlərin izahı ilə tanış ola bilərsiniz.

Diferensial ödəniş zamanı hər ay əsas borcun müəyyən bir hissəsini qaytarırsınız və əlavə olaraq borcun qalan hissəsi üçün faiz ödəyirsiniz. Bu üsuldan istifadə edərkən hər ay ödənişiniz azalır və annuitetlə müqayisədə bütün kredit müddəti üzrə faizlərə daha az xərciniz çıxır. Lakin bu ödəniş növündə müddətin əvvəlində ödəyəcəyiniz məbləğlər sonda ödəyəcəyiniz məbləğdən daha çox olur.

Annuitet ödənişi hər ay bərabər miqdarda edirsiniz. Nəticədə tədricən əsas borcunuzu bağlayırsınız: onun annuitetdə payı hər ay artır və buna uyğun olaraq növbəti ay üçün faizlər azalır. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, siz büdcənizi daha rahat idarə edə bilirsiniz.

Ödəniş üsullarını bank təklif edir və şərtlər müqavilədə öz əksini tapır. Yaxşı olar ki, ipoteka krediti götürməzdən əvvəl özünüz banklar barədə kiçik bir araşdırma edəsiniz. Unutmayın, banklar əsas borcun və faizlərin qaytarılma məbləğləri və ödəmə tarixləri ilə bağlı məlumat olan bir cədvəl verməli, müqavilənin qüvvədə olduğu müddət üzrə ödənişlərin ümumi məbləğini sizə təqdim etməlidir.

İpoteka krediti haqqında ümumi məlumatları təqdim etdik. Növbəti yazımızda ipoteka krediti növləri və tələb olunan sənədlərlə bağlı oxumaq üçün bloqumuzu mütəmadi olaraq izləməyi unutmayın!