Loft stilində mənzil – Bakı sakinlərinin yeni seçimi

content-img
Nəşr olunma tarixi: 2021-10-14

Yaşadığınız evin gözəl görünməsindən başqa sizin yaşayış tərzinizə uyğun olması da vacibdir. Buna görə də insanlar müxtəlif interyer üslublarına müraciət edir. Kreativlik, azadlıq və praktikliyə meyilli insanlar Loft evləri özlərinə uyğun görür.

Loft - ev interyeri modern şəhər stili ilə sənayeyə aid elementlərin və dekorların istifadə edilməsinə verilən addır. Bu interyerin xarakterik xüsusiyyətlərinə evdə geniş sahə olması və evin fabriki xatırladan görüntüsü olması aiddir.

Loft interyerə sahib evlər 1940-cı illərdə Manhetten ərazisində yaranıb. İqtisadi böhrandan sonra evlərin tam tikilə bilməməsi, insanların zavod və fabriklərin yuxarı mərtəbələrində yaşaması bu interyerin inkişafı üçün stimula səbəb olub. Məhz interyerə "Mansard dam" mənasına gələn Loft adının verilməsinin səbəbi də budur.

Belə interyerlər mütləq mənada geniş boşluqlara sahib olmalıdır. Bu böyük sahə yalnızca 1-2 divarla bölünür. Hətta bəzən duş kabini yataq otağının içinə daxil olur. Çox zaman 100 kv.m-dən aşağı sahəyə malik olmurlar. Günəş işığının rahatlıqla keçə bilməsi üçün geniş və enli pəncərələrə sahiblik edirlər. Belə bir evdə olarkən otağın digər küncü rahatlıqla görünür. Texniki borular, açıqda olan kərpic divarlar, boyanmamış tavan və s. kimi detallar bu evlərin xarakterik xüsusiyyətlərinə aiddir. İnteryerdə keçən əsrin detalları ilə modern məişət əşyalarının harmoniyası vacib rol oynayır.

Müxtəlif detallara malik Loft stilinin bir çox tipləri vardır: "Bohemian", "Glamorous" və "Industrial" bunlara nümunədir. Bu kimi tiplər hər biri müəyyən fərqliliklərə malik olsalar da ümumi qaydadan ayrılmırlar. "Bohemian" tipində digər tiplər kimi fabrik detallarından istifadə edilir, lakin bütün detallar xüsusi yaradıcılıqla seçilir. Daha şən və dinamik görüntüyə malik "Glamorous" tipində geniş rəng palitrasından istifadə edilir. "Industrial" ən çox istfadə olunan tipdir və sadə sənaye detalları ilə bir çox insanı cəlb edir.

Keçən əsrdə Loft tipi daha ucuz başa gələn interyer dizaynı idisə artıq müasir dövrdə kiçik bir sərvət ödəməli olduğunuz bir dizayndır.

v