Bakıda premium-sinif mənzil necə seçilməli?

content-img
Nəşr olunma tarixi: 2021-06-16

Hal-hazırda daşınmaz əmlak bazarında çoxlu sayda premium-sinif mənzillərlə rastlaşmaq mümkündür. Bəs belə mənzillərin üstünlükləri nədir? Qarşınıza çıxan təkliflərin qeyd olunan səviyyədə olduğunu necə müəyyən etmək olar? 

Premium-sinif daşınmaz əmlakla bağlı hansı tələblər irəli sürülür:

  • Ərazi. Elit mənzillər əlverişsiz ünvanda yerləşə bilməz. Sənaye zonaları, atılmış ərazilər belə mənzillər üçün uyğun yerlər deyil. Kompleks şəhərin mərkəzində yaxud mərkəzə rahatlıqla çata biləcəyiniz məsafədə olmalıdır.
  • Tikinti. Tikinti şirkətindən binanın necə tikildiyi barədə mütləq məlumat almaq lazımdır. Elit sinif mənzillər seçilmiş dizayner və memarların işinin nəticəsidir. Binanın layihəsi standart tipli yox, orijinal olmalıdır.  
  • Mənzillər və onların daxili görüntüsü. Binanın birinci mərtəbəsində mütləq şəkildə komendant olmalıdır. Ümumi ərazinin hazırlanmasında müasir texnologiyalar və materiallardan istifadə olunmalıdır. Mənzillər təmirli və ya təmirsiz ola bilər. Təmirsiz mənzili alıcı öz istəyinə uyğun şəkildə dizayn etmək imkanı qazanır. Təmirli mənzil isə rahatlıqla birbaşa yeni evinə köçmək istəyən şəxslər üçün daha uyğundur. Təmirli və ya təmirsiz olmasına baxmayaraq, əsas odur ki, mənzillərdə əvvəlcədən mühəndis sistemləri və kommunikasiyalar mövcud olsun. 
  • Həyətyanı ərazi. Buranın abad olması çox önəmlidir. Uşaqlar üçün oyun meydançası, gəzintilər üçün yaşıllaşdırılmış ərazi, rahat skamyalar, həyətdə maşınların olmaması buna aiddir.
  • Təhlükəsizlik. Əgər bu yaşayış kompleksidirsə, onun bütün ərazisi hasara alınmalı və 24 saat nəzarət sistemi olmalıdır. Hər yerdə kameraların quraşdırılması, ərazinin gecələr belə işıqlandırılması önəmlidir. Kompleksin girişində nəzarət-buraxılış məntəqəsi yerləşməlidir. Komendant, mühafizə xidməti yeni tikilidə xidmət göstərməlidir.
  • Parkinq. Bu sinif daşınmaz əmlak üçün yeraltı parkinqin olması çox vacibdir. Parkinq həyətyanı ərazinin sakinlər üçün rahat istirahət zonasına çevrilməsinin təminatıdır. Həmçinin, bu, uşaqların da kompleksin ərazisində təhlükəsiz şəkildə vaxt keçirə biləcəklərinin göstəricisidir. Parkinqin tutumu binadakı mənzillərin sayı və qonaqlar da nəzərə alınmaqla müəyyən edilməlidir. Bir qayda olaraq mənzilinizə lift vasitəsilə birbaşa qalxmaq imkanınız olmalıdır. Bunun üçün küçədən keçməli olmaq əlavə narahatlıq yaradır. Elə buna görə də, bu cür binaların layihəçi mühəndisləri belə xırda detallaradək hər bir şeyi nəzərə almağa çalışırlar.
     

Premium-sinif mənzil sahibi olmağın üstünlükləri:

Premium səviyyəli daşınmaz əmlak əldə edən şəxs mənzili bütün zəruri şəraiti yaradılmış şəkildə təhvil alır. Hətta əgər siz mənzili təmirsiz şəkildə əldə etmiş olsanız belə, burada pəncərələrin və eyvanın hazır vəziyyətdə olması şərtdir. Rahat şəkildə quraşdırılma üçün kondisioner və havalandırma avadanlığı üçün öncədən yer ayrılması önəmlidir.

Bu səviyyədə yaşayış məkanı üçün təkcə ümumi planlama, keyfiyyətli materiallar və orijinal dizayn yetərli deyil. Kompleksdə hər kəsin komfortunun təmin olunması üçün də şərait yaradılmalıdır. Ortaq ərazinin təmizliyinə diqqət yetirilməlidir. Buradakı yaşıllıq və ağaclara daim qulluq olunmalıdır.

Yuxarıda sadalananlar premium-sinif yaşayış kompleksinin heç də bütün müsbət tərəfləri deyil. Onun üstünlüklərinə bunlar da aiddir:

  • İnkişaf etmiş infrastruktur – bir qayda olaraq, yaxınlıqda marketlər, kafelər, idman zalları var;
  • Təhsil müəssisələrinə yaxınlıq – yeni tikililər uşaq bağçaları, məktəblər, universitetlərə yaxın olmağa çalışır;
  • Nəqliyyat qovşaqları və şosselərə rahat çıxış – əksər hallarda belə tikililəri dayanacaqlar, metro stansiyalarına yaxın məsafədə, avtomobil sahiblərinin tez bir zamanda yola çıxıb iş mərkəzlərinə çata biləcəyi yerlərdə inşa edirlər.

Bundan başqa, yeni tikilən premium-sinif binalarda mənzillərin alınması on illərlə əsaslı təmirə ehtiyac qalmayacağına zəmanət verir. Belə evlərdə bütün kommunikasiya və sistemlər müasir materiallarla qurulur. Onlar yalnız təhlükəsizlik və ətraf mühitin qorunması tələblərinə cavab vermir, həmçinin, uzunmüddətli yüksək xidmət üçün nəzərdə tutulur.